Bakıda keçirilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun
fransalı iştirakçıları Gəncədə Məhsəti
Gəncəvinin yaradıcılığının 900 illiyinə
həsr edilmiş yubiley tədbirlərində iştirak
etmişlər
Bakıda
keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun iştirakçıları olan fransalı
qonaqlar mayın 31-də Gəncədə görkəmli Azərbaycan
şairəsi Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illiyi münasibətilə
keçirilən yubiley tədbirlərində iştirak
etmişlər.
AzərTAc
xəbər verir ki, yubiley şənliklərinin iştirakçıları
əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin
mərkəzindəki abidəsini ziyarət etmiş,
önünə gül dəstələri qoymuşlar.
Gəncə Şəhər İcra Hakimiyyətində fransalı qonaqlarla dəyirmi masa arxasında görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlamış və bu yaxınlarda Fransada keçirdiyi görüşləri məmnunluqla xatırlamışdır.
Görüşdə Azərbaycan ilə Fransanın regionları arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır. Elmar Vəliyev ötən il Gəncədə keçirilən beynəlxalq şərab festivalında fransalı şərabçıların iştirakını yüksək dəyərləndirərək onlara minnətdarlığını bildirmişdir.
Fransanın Elzas regionunun Yuxarı Rin (Naut-Rhin) vilayətindən deputat, Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jean-Luc Reitzer ölkəsinin Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırmış, gözəlliyi ilə onları heyrətə gətirən bu qədim şəhərlə əlaqələrin qurulmasının vacibliyini qeyd etmişdir. Xüsusilə Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xoş təsiri altında olduqlarını bildirən fransalı qonaq demişdir ki, o, Azərbaycanın həqiqətən tolerant bir ölkə olduğunu yəqin etmişdir.
Gəncənin qədim mədəniyyət beşiyi olduğunu bildirən Elmar Vəliyev şəhərin tarixi, vaxtilə Gəncədə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlər - Nizami Gəncəvi və Məhsəti Gəncəvi haqqında ətraflı məlumat vermişdir.
Jean-Luc Reitzer Fransada da Məhsəti Gəncəvi gecəsinin keçirildiyini yada salmış və həmin tədbirin onda xoş təəssürat oyatdığını qeyd etmişdir.
Görüşdən sonra qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.
Milli
geyimli məktəblilər qonaqları şərbət və
gül-çiçək dəstələri ilə
qarşılamış, onları bir neçə dildə
dahi söz ustadının şeirləri ilə
salamlamışlar.
Nizaminin
məzarını ziyarət edən qonaqlar qəbrin üzərinə
gül dəstələri qoymuşlar.
Sonra məqbərə ətrafında böyük bayram tədbiri keçirilmişdir. Fransalı qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri burada şəhərin ali və orta məktəblərinin, idarə, müəssisə və təşkilatların, eləcə də yaradıcı kollektivlərin hazırladıqları guşələrə baxmış, məktəbəqədər uşaq tərbiyə müəssisələri kollektivlərinin çıxışlarına tamaşa etmişlər. Qədim musiqi alətləri ansamblının, eləcə də xor kollektivlərinin çıxışları da tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
Yubiley tədbirləri iyunun 1-də davam edəcəkdir.
Həmin gün qonaqlar şəhərlə tanışlıq məqsədilə Bayraq Meydanında, "Xəmsə" kompleksində, Şah Abbas məscidində, Cavad Xan küçəsində olacaq, Gəncə Dövlət Universitetində fransız dili kafedrasının professor və müəllim heyəti ilə görüşəcək, Fransanın Reyms Şampan-Arden Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanacaqdır.
Bundan
əlavə, tədbir iştirakçılarına mərkəzi
meydanda "Gəncədən doğan ulduz"
tamaşası təqdim olunacaq, Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illik yubileyi ilə əlaqədar
miniatür əsərlərdən ibarət sərginin
açılışı olacaqdır.
Azərbaycan.-2013.- 1 iyun.- S.10.